Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir.
Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Cənubi Asiyada demək olar ki, qızların yarısı, Afrikada – Saxaradan cənuba gənc qızların üçdə bir hissəsindən çoxu 18 yaşına çatmamış nikaha daxil olurlar. Erkən nikahların ən yüksək göstəricilərinə görə Niger – 75%; Çad və Mərkəzi Afrika Respublikası – 68%; Banqladeş – 66%; Qvineya – 63%; Mozambik – 56%; Mali – 55%; Burkina-Faso və Cənubi Sudan – 52%; Malavi – 50%; Hindistan – 47% fərqlənirlər.
Bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Məsələn, son illər Böyük Britaniyada 2,6 %, Avstraliyada 1,8 %, İsveçrədə 1,6 %, Fransada 0,8 %, Danimarkada 0,6 % erkən nikah faktı baş verib. Qonşu Türkiyədə də erkən nikah aktual problem olaraq qalmaqdadır. Statistikaya görə, 18 yaşa qədər olan 180 mindən çox qız Türkiyədə nikaha girir.
BMT-nin Əhali Fondunun (UNFPA) məlumatına görə, 2011-2020-ci illər arasında 140 milyondan çox erkən nikah hadisəsi baş verib. Hazırkı erkən nikah səviyyəsinin qorunması davam edərsə, 14.2 milyon qız hər il daha tez ailə quracaq, yəni hər gün 39 min nikah hadisəsi baş verəcək. Üstəlik, 18 yaşına çatmadan ailə quran 140 milyon qızdan 18,50 milyon nəfərinin yaşı 15-dən az olacaq.
2023-cü ilin birinci yarısında Azərbaycanda 17 erkən nikahın qarşısı alınıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bu barədə məlumat verib.
Xatırladaq ki, Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilib. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.
Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur.
Erkən nikahlara qarşı dövlət və cəmiyyət birgə mübarizə aparmalıdır.
Dünyada və ölkəmizdə erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, bu hallarla əlaqədar qanunvericiliklə nəzardə tutulmuş qaydada müvafiq şəxslər məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar bir çox hallarda rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.
Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.
Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri –müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Biz gələcəyimizi bugun qurulan ailələrə etibar edirik. Unutmayaq ki, sağlam cəmiyyətin gələcəyi sağlam ailələrin formalaşmasından başlayır. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Hər bir uşaq öncə ailənin, sonra cəmiyyətin və dövlətin gələcəyidir. Bütün insanların sağlam, təhsilli, sosial olması vacibdir, ən əsası bu onların haqqıdır.
Valideynlər başa düşməlidir ki, övladlarının yerinə qərar qəbul etmək olmaz. Onlar övladlarına bir şəxsiyyət olaraq yanaşmalı, onlara seçim etməyə imkan verməli, psixoloji olaraq ailə qurmağa hazır olduqdan sonra ailə qurmağa xeyir-dua verməlidirlər.
Valideyn anlamalıdır ki, hər şeydən vacib övladının xoşbəxtliyidir. Bu baxımdan valideyn “qız yükü, duz yükü” prinsipi ilə, sterotiplərlə davranıb qız övladını elə tez “başından etmək”, “yükdən qurtarmaq” psinsipi ilə davranmamalıdır.
Eyni zamanda nəzərə alınmalıdır ki, artıq 18 yaşına çatmış oğlan və qız uşaq deyil, müstəqil fərddir və onun şəxsi həyatına müdaxilə yolverilməzdir. Valideyn əgər övladının tərbiyyəsi ilə maraqlanırsa, bunu övladının otağına, telefonuna və s şəxsi əşyalarına hədə-qorxu ilə, zor tətbiq etmək ilə baxmaq, axtarış aparmaq, onu hədə-qorxu ilə, zor tətbiq etməklə sorğu-sual etmək qanunla qadağan olunmaqla yanaşı , valideyn övlad münasibətlərinə mənfi təsir göstərərək arzuolunmaz hallara gətirib çıxara bilər. Valideyn bunu ehtiyatla, inandırmaqla etməlidir, o, inandırmalıdır ki, övladı səhv yoldadır və ətrafında olan insanlar düzgün deyil.
Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrsi ilə məhdudlaşdırır.
Evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda erkən evlilik onun seçim haqqının əlindən alınmasıdır. Erkən nikahlar uşaqların uşaqlıqlarının əlindən almaqla onların inkişafında travmalara səbəb olur. Bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətləri yükləməklə, şəxsi inkişafdan yoxsul qalırlar. Erkən nikahlar zamanı həmin şəxslər təhsildən uzaqlaşır. Erkən nikah qurbanlarının daha çox qız uşaqları olduğundan, həmin qızların həyat yoldaşlarından bağlı hala gəlmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliklərinin yaranmasına səbəb olur. Dünya statistikasına əsasən erkən yaşda evləndirilən qızlar, normal hala nisbətən iki dəfə artıq şiddətə məruz qalırlar. Erkən yaşda evlilik qadınların təhsilinində və maddi vəziyyətinin məhdudluğu, tərəflər arasında yaş fərqi, güc balansının olmamağı, qadının azadlığının əlindən alınması bu cür evliliklərin mexanizminin əsasıdır. Adətən erkən evlilik halları ailələrin razılığı ilə baş tutduğundan təxminən evlənəcək şəxslərin 71% evlənməmişdən öncə bir birlərini görmürlər. Ailə planlaşdırılmasını dərk etmirlər və beləliklə dünyaya gətirilən uşaqların sayında və sağlamlığında problemlər meydana çıxır. Dünya ədəbiyyatında depressiyaya düşənlərin statistikasnda 10-17 yaş arasında evlənənlərin daha çox intihara meyillilki müşahidə olunur.
Milli Məclisdə qəbul olunmuş erkən nikahlarla bağlı yeni dəyişikliklər bu sahədə olan vəziyyəti nəzarətdə saxlamağa imkan verəcək.
G.Hüseynova
Yazı MEDİA-nın dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” növzusunda hazırlanıb
