“Ermənistan bizdən əsgərlərimizin çıxarılmasını tələb edə bilməz” –

Tofiq Zülfüqarov
14 May 2021 - 12:27

“Azərbaycan Ermənistanın ərazisini işğal etməyib. Bizdən narazı olanlar SSRİ zamanında olan Kartoqrafiya və Geodeziya Komitəsinin sənədlərini, peyklə əlaqəli texniki vasitələri rəhbər tutaraq ərazidə ölçülər etdikdən sonra danışsınlar”.

Bunu “Turan”a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O əlavə edib ki, SSRİ (1991-ci ildə süqut edən Sovet Sosialist Respublikalar İttifaqı) xəritələri tərəflərin ikisində də var, aydınlıq gətirməkdə problem olmamalıdır.

Keçmiş nazir sərhədlə bağlı gərginliyə görə yeni müharibənin başlamasının mümkünlüyünü Ermənistanın hərəkətlərinə bağlayır: “Onlar birdən-birə ərazi bütövlüyündən danışırlar. Texniki məsələləri siyasətləşdirirlər. Əvvəlcədən bizim Qarabağdakı, ermənilər yaşayan ərazimiz barədə çıxışlarını dayandırsınlar”.

Baş nazir Nikol Paşınyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (ODKB) müraciət etməsinə gəlincə, T.Zülfüqarov hesab edir ki, Ermənistanın dünyada harayına heç kim fikir verməyəcək, onları müdafiə edən tapılmayacaq: “Azərbaycan ərazisində qoşun saxlayan Ermənistan bizdən əsgərlərimizin çıxarılmasını tələb edə bilməz”.

Ermənistan tərəfinin bildirdiyinə görə, Azərbaycanın silahlı qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə onların ərazisinə daxil olub.