“Hadrutda düşmənin Azərbaycan Ordusundan qat-qat çox olmasına baxmayaraq, hərbçilərimiz qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəldi və düşməni darmadağın etdi”.
Azpost.info bildirir ki, bu sözləri hərbi ekspert Azər Bayramov Azərtaca-a Hadrut döyüşlərinin əhəmiyyətindən danışarkən bildirib.
Hərbi ekspert deyib ki, Hadrut əməliyyatı dünyanın bir çox hərbi mərkəzlərində öyrənilərək tədris olunur.
“Ermənistan tərəfində belə bir mif formalaşmışdı ki, düzənlik ərazidə Azərbaycan Ordusu uğurlu olsa da, dağlıq və çətin relyefli ərazidə onların qarşısı alınacaq. Ancaq Hadrut döyüşləri onların uydurduğu həmin mifi puç etdi. Döyüşçülərimiz istənilən şəraitdə qarşıya qoyulan tapşırığı yerinə yetirməyə qadir olduqlarını sübut etdilər”-deyə ekspert bildirib.
Hadrut əməliyyatı Qarabağda qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrinə psixoloji baxımdan da ağır zərbə endirdi. Xeyli canlı qüvvəsi və texnikası məhv edilən düşmən Hadrutun işğaldan azad olunması nəticəsində bir daha özünə gələ bilmədi. Hadrut qələbəsi Zəfərə – Şuşaya aparan yolun əsas sütunu oldu.