Ermənistan Rusiya bazarına erməni məhsullarının idxalına qoyulan məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqı çərçivəsində şikayət edib.
Bu barədə Ermənistan iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan pozulmuş prinsiplərin bərpası üçün Aİİ-nin mövcud mexanizmlərindən istifadə edir. Qasparyan məsələnin həll olunacağına ümid etdiyini deyib. O qeyd edib ki, Aİİ çərçivəsində yaranmış maneələrin aradan qaldırılması üçün konkret mexanizmlər mövcuddur.
“Biz bu məhdudiyyətləri Aİİ-də müəyyən edilmiş razılaşmalara və prinsiplərə uyğun hesab etmirik. Məhz buna görə Aİİ-nin öz prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün mübarizə aparırıq”, – deyə nazir müavini bildirib.
Ermənistan iyun ayında da Rusiyaya məhsul ixracı zamanı yaranan maneələrlə bağlı Avrasiya İqtisadi Komissiyasına müraciət etmişdi. Bunu həmin vaxt ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə açıqlamışdı.
Rusiya ilə Ermənistan arasında ticarət gərginliyi
Ermənistanın Aİİ-dən çıxması məsələsi də son dövrlərdə Moskva ilə İrəvan arasında müzakirə mövzularından biridir.
Rusiya Prezidenti Vladimir Putin sentyabrın əvvəlində Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul etməsini faktiki olaraq Aİİ-dən çıxış kimi qiymətləndirib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə ölkəsinin Aİİ-dən çıxması barədə açıqlama vermədiyini və təşkilat qarşısında, eləcə də Moskva qarşısında öhdəliklərini pozmadığını bildirib.
Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına qoyulan məhdudiyyətlər isə may ayının sonlarından başlayıb.
Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti əvvəlcə Ermənistandan çiçək idxalını məhdudlaşdırıb. Daha sonra pomidor, xiyar, bibər, göyərti və çiyələk də daxil olmaqla bir sıra meyvə-tərəvəz məhsullarının idxalına məhdudiyyətlər tətbiq edilib.
Bundan başqa, “Cermuk” mineral suyunun idxalı və dövriyyəsi dayandırılıb, bəzi erməni konyak və şərablarının satışına qadağa qoyulub.
Sonrakı mərhələdə Ermənistandan Rusiyaya tumlu meyvələrin, badımcanın, kartofun və qurudulmuş meyvələrin idxalı məhdudlaşdırılıb. İyunun sonunda bütün balıq məhsullarının, iyulun sonunda isə süd məhsullarının Rusiyaya tədarükünə məhdudiyyətlər tətbiq edilib.
Ermənistanın statistika komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Rusiya ilə ölkə arasındakı ticarət dövriyyəsi illik müqayisədə 20,5 faiz azalıb.