Hər 5 müəllimdən biri yenilənib –5 ildə 20 faiz müəllim sistemdən çıxıb / NAZİR

Emin Əmrullayev
Emin Əmrullayev

Azərbaycanda son 5 ildə hər 5 müəllimdən biri yeni müəllimlə əvəzlənib. Bu müddətdə müəllimlərin 20 faizindən çoxu təhsil sistemindən çıxıb və onların yerinə yeni kadrlar gəlib.

Bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.

Nazir bu göstəricini kifayət qədər böyük rəqəm hesab edib. Onun sözlərinə görə, son illərdə müəllim heyətinin yenilənməsi təhsil sistemində baş verən mühüm dəyişikliklərdən biridir.

E.Əmrullayev qeyd edib ki, yüksək nəticə göstərən gənc müəllimlərin sistemə cəlb olunması uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər.

“Biz sistemdə bunun təsirini 10 il sonra görəcəyik. Sistem üçün bu, yaxşıdır, fərd üçün isə ola bilsin ki, müəyyən mənada neqativdir”, – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu ilə bağlı həyata keçirilən dəyişikliklərin təhsil sisteminin nəticələrinə təsirini tam qiymətləndirmək üçün müəyyən zaman lazımdır.

O, xüsusilə riyaziyyat və təbiət elmləri üzrə müəllimlərin peşəkar inkişafının şagirdlərin nəticələrinin yaxşılaşdırılmasına təsir göstərə biləcəyini vurğulayıb.

E.Əmrullayev riyaziyyat müəllimlərinin sertifikatlaşdırma nəticələrinə də diqqət çəkib. O bildirib ki, müəllimlərin 50 faizindən çoxu sertifikatlaşdırmada yüksək nəticə göstərib.

Nazir əlavə edib ki, riyaziyyat müəllimlərinə, xüsusilə ibtidai təhsil səviyyəsindən başlayaraq daha yaxşı imkanların yaradılması daha geniş şagird qruplarının nəticələrinə müsbət təsir göstərə bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.