Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev həbs edilib.
Ermənistan mediasının xəbərinə görə, məhkəmə istintaqın vəsatətini təmin edib, Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İstintaq Komitəsinin daha əvvəl yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim olunub.
Azərbaycan hərbçisinə hansı ittihamlar verilib?
Ermənistan Prokurorluğunun məlumatına görə, oktyabrın 2-də Nəsim Rəhim oğlu Musayev barəsində cinayət təqibinə başlanılıb.
Ermənistan tərəfi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə təqib edildiyini açıqlayıb.
Bunlar arasında, dövlət sərhədini qanunsuz keçmə, hərbi təyinatlı məhsulların, texnikanın, odlu silahın və digər əşyaların qaçaqmalçılığı, odlu silah, onun əsas hissələri və döyüş sursatının qanunsuz dövriyyəsi, mənzil toxunulmazlığının pozulması, sağlamlığa ağır zərər vurma ilə bağlı maddələr yer alır.
Məhkəmənin qərarına əsasən, Nəsim Musayev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən gün Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb.
Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.