Ermənistan parlamentində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunan bəyanat layihəsi ətrafında ciddi fikir ayrılığı yaşanıb. AzPost xəbər verir ki, bu barədə KP məlumat yayıb.
Məlumata görə, bəyanat layihəsi müxalifətdə olan “Mənim şərəfim var” fraksiyası tərəfindən hazırlanıb. Layihədə Sovet İttifaqının faşizm üzərində qələbədə və Avropanın azad olunmasında oynadığı rol xüsusi qeyd edilib. Lakin Ermənistanın hakim partiyası sənədin parlament iclasının gündəliyinə salınmasına qarşı çıxıb.
Səsvermənin nəticələrinə görə, layihənin gündəliyə salınmasına yalnız 27 deputat dəstək verib, 54 deputat isə əleyhinə səs verib.
Hakim partiyanın deputatı Hasmik Akopyan məsələ ilə bağlı çıxış edərək bildirib ki, bəyanat layihəsində yalnız SSRİ-nin adı çəkilir və digər müttəfiq dövlətlər – ABŞ, Böyük Britaniya və digərlərinin rolu qeyd olunmayıb. Bu səbəbdən fraksiya sənədə qarşı çıxıb.
Partiyanın digər deputatı Arman Eqoyan isə daha sərt mövqe sərgiləyərək iddia edib ki, SSRİ müharibənin əvvəlində faşist Almaniyası ilə əməkdaşlıq edib və altı Avropa ölkəsinə hücum təşkil edib.