Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yanvarın 21-də Moskvaya işgüzar səfər edəcək.
AzPost bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Ararat Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş planlaşdırılır. Bundan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Xatırladaq ki, yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar.
Vaşinqton və Yerevan Ermənistanda birgə hərbi təlimlər keçirir və ölkələr arasında bir neçə ticarət və investisiya sazişi imzalanıb. ABŞ, həmçinin böyük erməni diasporasının yaşadığı bir ölkədir.
Ermənistan parlamenti ötən həftə ölkənin Avropa İttifaqına qoşulmaq üçün müraciət etməsi ilə bağlı qanun layihəsini dəstəkləyib. Lakin sürətli üzvlük ehtimalı azdır.
Sazişin imzalanmasından bir neçə saat əvvəl Kreml Rusiyanın Ermənistanla yaxın münasibətlərini yüksək qiymətləndirdiyini və ABŞ-ın regionda heç vaxt sabitləşdirici rol oynamadığını bəyan edib.
Ermənistan uzun illər Rusiyanın əsas müttəfiqlərindən biri olsa da, son illərdə ölkə Qərblə daha sıx əlaqələr qurub.