Ölkədə mövsümi qrip və respirator infeksiyaların yayılması hərbi hissələrdə də narahatlıq yaradıb.
AzPost xəbər verir ki, Müdafiə Nazirliyi bu səbəbdən ordudakı şəxsi heyətin sağlamlığını qorumaq üçün yeni qərar verib. Verilən məlumata görə, hazırda hərbi hissələrdə, xüsusilə də xidmətə yeni qəbul olunmuş gənc əsgərlərlə valideyn görüşlərinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Nazirlikdən bildirilib ki, komandir heyəti və hərbi tibb xidməti əsgərlərin səhhətini nəzarətdə saxlayır, hərbi hissələrdə profilaktik tədbirlər gücləndirilib. Məqsəd isə şəxsi heyəti mövsümi viruslardan qorumaqdır.
Eyni zamanda, qarşıdan gələn Qurban bayramı və istirahət günləri ilə bağlı valideynlərin və yaxınların hərbi hissələrə səfər etməməsi tövsiyə olunur.
“Mövcud məhdudiyyət ictimaiyyətin və əsgər ailələrinin anlayışla qarşılanması üçün tətbiq edilir”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.
Məlumat üçün qeyd edək ki, son günlər ölkədə qrip virusuna yoluxma hallarında artım qeydə alınıb.