Əsgərimiz Kəlbəcərdə atəş nəticəsində ölüb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgərimiz Hüseynov Camal Nizami oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölüb. Bu barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. AzPost APA-ya istinadla xəbər verir ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Məlumatı Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiqləyib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.