Əshabi-Kəhf Kəbə ola bilməz!- QMİ-dən deputata etiraz

QMİ
QMİ

Azərbaycanda yeni Kəbənin yaradılması təklif edilib. Bu təkliflə deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev çıxış edib.

Partiyanın Mətbuat xidmətinin suallarını cavablandırarkən o deyib ki, Naxçıvanda yerləşən Əshabi-Kəhf ziyarətgahında Məkkədəki Kəbənin – İslamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik:

“Səudiiyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın.
Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. Əshabi-Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır.
Bu zaman bütün müsəlmanların imkanı olar ki, Yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz Yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik”.

Modern.az məsələyə Qafqaz Müsəlmanları İdarəsinin münasibətini öyrənib.

“Bir Kəbə var, o da Məkkədədir”

Saytımıza açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov bildirib ki, Əshabi-Kəhf Kəbədən üstün deyil:

“Ölkə ərazisində yerləşən məscidlər insanların inam yeridir. İnsanların o məkanlara etiqadı var. Əshabi-Kəhf bizim üçün çox önəmlidir. Bu ziyarətgah haqqında Qurani-Kərimdə Kəhf surəsi də var. Lakin Əshabi-Kəhf Kəbə ilə müqayisə olunacaq yer deyil.
Kəbə yer üzündə ilk bina hesab edilən evdir. O da Məkkədə yerləşir. Hər kəs öz fikrini bildirə bilər, amma hər deyilən real deyil. Kəbə Əsabi-Kəhflə müqayisə olunacaq məkan ola bilməz. Məkkə bütün Yer kürəsinin mərkəz nöqtəsidir. Kəbə də orada yerləşir”.

“Allah-Təala Kəbəni təkcə müsəlmanlar üçün deyil, bəşəriyyət üçün qibəlgah hesab edib”

B.Nəcəfov vurğulayıb ki, İslam aləminin ən müqəddəs məkanı məhz Kəbədir:

“Hətta Allah-Təala oranı təkcə müsəlmanlar üçün deyil, bütün bəşəriyyət üçün qibləgah hesab edib.
Bunu bütün dinlər və insanlar qəbul etməsə də, müsəlmanların inancına görə Kəbə bütün bəşəriyyət üçün müqəddəs sayılır”.

QMİ-nin sədr müavini sonda bildirib ki, bu cür çıxışlar insanların şəxsi fikri ola bilər, lakin əsassızdır:

“Bənzər təkliflər İordaniyada, İndoneziyadan da verilə bilər, bu o demək deyil ki, elə də olmalıdır. Bu təklif dinimizi yaymaq və təbliğ etmək deyil, İslam dini üçün əhəmiyyətsiz və bəzən də təhlükəli ola bilər”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.