Estoniya Rusiya diplomatını ölkədən çıxaracağını elan edib

07 İyul 2021 - 23:11

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Sankt-Peterburq şəhərindəki konsulu Mart Lyattenin persona non qrata elan edilməsinə cavab olaraq bir rus diplomatının ölkədən çıxarılacağını açıqlayıb.

TASS xəbər verir ki, bu barədə Estoniya XİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aari Lemmik bildirib.

Lemmikin sözlərinə görə, beynəlxalq münasibətlər praktikasında adətən bir diplomatın qovulmasına simmetrik cavab verilir.

Bundan əvvəl isə Rusiya XİN-in sözçüsü Maria Zaxarova Mart Lyattenin 48 saat içində Rusiyanı tərk edəcəyini söyləyib.

Xatırladaq ki, çərşənbə axşamı Rusiya FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Lyatteni bir rus vətəndaşından gizli xarakterli materiallar alarkən saxlanıldığı ilə bağlı məlumat yayıb.