Etibarsız –ETİBAR CƏBRAYILOĞLU YAZIR

AzTV-nin maraqlı görünən verilişlərinin sonundakı titrlərdə onun-adaşımın adını axtarırdım həmişə. Əksər hallarda da gözlədiyim baş verirdi, verilişin quruluşçu rejissoru və ya layihənin bədii rəhbəri kimi məhz Etibar Babayevin adını yazılırdı.

Mən həyatda üzünü görmədiyim adaşımın uğurlarına sevinməkdə, o da yeni yaradıcılıq axtarışlarında idi.

Həmişə də elə bilirdim ki, adaşım yaşca məndən bir neçə bayram böyükdür. AzTV kimi böyük kollektivə bədii rəhbər təyin edildiyini, Əməkdar incəsənət xadimi fəxri adını aldığını eşidəndə də Etibar Babayevlə aramızda bir xeyli yaş fərqi olduğunu düşünmüşdüm. Amma illər keçdi və onu yaxından tanıyandan sonra bildim ki, adaşla həm də yaşıdıq.

Söz vaxtına çəkər, 2013-cü ilin isti iyul günlərinin birində iki adaşın görüşü baş tutdu, məlum oldu ki, qismətimizdə “Jurnalistlər binası”nda qonşu olmaq var imiş. Püşk bizi bir az da yaxın etmişdi, hər ikimizə eyni blokdan mənzil hədiyyə olunmuşdu.

Bəzən zarafata salıb deyirdim ki, püşk balansı pozub, bir blokda iki Etibar xeyli sıxlıq yaradır, gərək biz adaşları ayrı-ayrı bloka salaydı. Hər dəfə də zarafatıma sakit, özünəməxsus gülüşü ilə cavab verərdi.

Etibar Babayevin özünün də, ailə üzvlərinin də çöhrəsində həmişə təbəssüm olardı. Hər səhər onların təbəssümləri, xoş rəftarı ilə qarşılamaq insanda pozitiv hisslər oyadırdı. Bu mehriban ailə- adaşım, ömür-gün yoldaşı Səyyarə xanım, övladları Səid və Saniyyə qonşularla nəzakətli, kübarcasına davranırdı. Səyyarə xanım son iki ildə iki ağır itki ilə qarşılaşdı, ötən il atasını-Xalq rəssamı Altay Hacıyevi, bir neçə gün öncə isə ömür-gün yoldaşını itirdi.

Heç vaxt rastlaşmadığımız çətinliklə üz-üzəyik. Amansız, bədheybət COVİD-19-un addım səsləri son vaxtlar daha yaxından eşidilincə doğmalarımızın, ətrafımızdakı insanların səhhətindən narahatlıq keçirir, hər fürsətdə onları daha diqqətli olmağa çağırırıq. Adaşla bir neçə gün idi görüşmürdük, hər yay mövsümündə bağda qaldıqlarını nəzərə alıb təlaşa səbəb görmədim. Təzə-təzə öyrənməyə başladığım sosial şəbəkə vasitəsi ilə yazışıb bir-birimizə səhhətimizə fikir verməyi, yaxınlarımızı qorumağı tövsiyə elədik.

Bir neçə gün sonra dəyərli həmkarım Mintac Elsevərin gecənin bir aləmi lənətə gəlmiş sosial şəbəkədən paylaşdığı xəbər hamını şoka saldı. Dostlar, qohum-qonşular, iş yoldaşları, adaşımı qiyabi tanıyan tamaşaçıları Etibarsız qaldıqlarına inana bilmirdilər.

Yaxın dostum, istedadlı televiziya rejissoru Nadir Diridağlının səhər tezdən telefondakı kədərli səsi indi də qulaqlarımdadır: “Etibarla Az.TV-dəki iş otaqlarımız yanaşı idi, evdən televiziyaya gələnə kimi yolboyu yalvarırdım ki, acı xəbər yalan çıxaydı. Gəlib kabinetini boş görəndə bütün ümidlərim öldü…”

Adaşım etibarsızlıq elədi, qəfil xəstəliyin üzünə xoş baxdı, arzularını, Səidlə, Saniyyə ilə bağlı xəyallarını, yaradıcılıq planlarını və özünəməxsus təbəssümü götürüb həmişəlik getdi. Bizi Etibarsız qoydu…

Etibar CƏBRAYILOĞLU 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ramiz Mehdiyevi  tanıya bilməmişəm” –

Sonrakı məqalə

DİM: