Ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsullarına hazırda sertifikat tələbi yoxdur və sertifikatı olmayan şəxslərin cəzalandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi İlkin Kərimov bildirib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”na əsasən, ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi ilə bağlı tənzimləmə tədbirlərinin 2028-ci ildən həyata keçirilməsi nəzərdə tutulur.
“Lakin təkrar edirəm ki, hansısa sertifikat tələbi qoyulmayıb. Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur”, – AQTA rəsmisi vurğulayıb.
Məişət zəhərlənmələrinin 57 faizi ev şəraitində baş verib
AQTA bildirir ki, insanların həyat və sağlamlığının qorunması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida zəhərlənmələrinin minimuma endirilməsi məqsədilə kompleks tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir.
Aparılan təhlillərə əsasən, 2024–2025-ci illər və 2026-cı ilin ilk 8 ayı ərzində Azərbaycanda təsdiqlənmiş 241 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Bu hadisələrin 137-si məişət zəminində baş verib. Bu isə ümumi qida zəhərlənməsi hallarının 57 faizini təşkil edir.
AQTA-nın məlumatına görə, məişət zəminində baş verən həmin hadisələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub.
Agentlik hesab edir ki, mənşəyi və izlənilməsi mümkün olmayan bu cür məhsullardan baş verən zəhərlənmələrin qarşısının alınması üçün onların bazara yerləşdirilməsi ilə bağlı tənzimləmə mexanizminə ehtiyac var.
Ev məhsullarının bazara çıxarılması üçün yeni mexanizm hazırlanacaq
Azərbaycan Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub.
Proqram üzrə bu istiqamətdə tədbirlərin icra müddəti 2028–2032-ci illəri əhatə edir.
Bu çərçivədə ev şəraitində hazırlanan məhsulların bazara yerləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır.
AQTA-nın açıqlamasına görə, məqsəd bir tərəfdən ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışını təmin etməklə bu sahədə fəaliyyət göstərən şəxslər üçün biznes imkanları yaratmaq, digər tərəfdən isə istehlakçıları mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorumaqdır.
AQTA xüsusi olaraq bildirir ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi və cərimələrin tətbiq ediləcəyi barədə yayılan məlumatlar yanlışdır.