“F-15 İran təyyarəsini beynəlxalq standartları nəzərə alaraq müşayiət edib” –

PENTAQON
24 İyul 2020 - 14:45

Ötən gün F-15 qırıcı təyyarəsi Suriya üzərində İranın “Mahan Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə təhlükəsiz məsafəni qoruyub, beynəlxalq standartlar nəzərə alınmaqla təyyarəni müşayiət edib.

Trend-in məlumatına görə, bunu “TASS”ın sorğusuna cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Bill Urban deyib.

B.Urban bildirib: “F-15 qırıcısının pilotu müşayiət etdiyi təyyarənin “Mahan Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi olduğunu müəyyən etdikdən sonra məsafəni müvəffəqiyyətlə artırıb. Peşəkar müşayiət beynəlxalq standartlara uyğun həyata keçirilib”.

Rəsmi nümayəndə bir qırıcı təyyarə haqqında məlumat verib. Xatırladaq ki, daha əvvəl iki qırıcı təyyarənin olduğu deyilirdi.

Qeyd edək ki, “Fars” agentliyinin məlumatına əsasən, ötən gün ABŞ-ın iki qırıcı təyyarəsi Suriya üzərində İranın “Mahan Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə təhlükəli səviyyədə yaxınlaşıblar. Məcburi manevrlər nəticəsində təyyarədə olan 3 sərnişin və heyət üzvləri xəsarət alıblar.

Beyrutda məcburi eniş edən təyyarə yanacaq doldurduqdan sonra Tehrana qayıdıb və paytaxtın İmam Xomeyni adına beynəlxalq hava limanında uğurla eniş edib.