Faşist düşərgəsində Məhəmməd Əminlə görüşən 101 yaşlı Alıqulu baba:

"Ona dedim ki, bizi Azərbaycana götür” (VİDEO)
27 May 2021 - 15:23

“Mənim 101 yaşım var, 1921-ci il təvəllüdəm. Özü də qurub, qoşma deyil”.

Bəli, Alıqulu baba bir əsrdən çoxdur ki, ömür sürür, o Laçın rayonunun Kalafalı kəndində anadan olub. Bizi isə hazırda Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Vağazin obasında məskunlaşan babanı lentə almağa vadar edən onun uzunömürlü olması deyil.

Böyük Vətən müharibəsi iştirakçısı olan Alıqulu Quliyev Xarkovda döyüşüb və xatırladığı və anlatdıqlarına görə, iki dəfə almanlara əsir düşüb. Hər dəfə ordan qurtulmağı bacarıb. İndi o hadisələri tam xatırlaya bilmir, amma yaxınları deyir ki, baba çox əziyyət çəkib. Hətta onun məzarını belə özünə qazdırıblar: “Mən Xarkovda olmuşam, Belarusda. Hər yerdə olmuşam, əsir də düşmüşəm. Oradan qaçıb-getdim başqa yerə, orda məni tutdular, almanlar tutdu. Oradan çox çətin çıxdıq, çox”.

M.Ə.Rəsulzadə müharibə zamanı azərbaycanlı hərbi əsirlərin həyatı ilə maraqlanıb, şəxsi təşəbbüsü ilə onları soyqırımına məruz qalmaqdan xilas edib.

Bu barədə 1998-ci ildə Bakı Dövlət Universitetinin müəlliflər heyəti tərəfindən nəşr edilmiş “Siyasi tarix” əsərində qeyd olunub ki, “M.Ə.Rəsulzadə müharibə illərində hərbi əsirlər arasında azərbaycanlıların tapılıb müəyyən edilməsi, onların konslagerdən xilası və azərbaycanlıların milli hərbi hissələrə cəlb edilməsi üçün böyük cəhdlər edirdi”: “Məmməd Əmin Rəsulzadə gəldi, gördüm elə-belə, ta biz çox idik, dedilər, bu Məmməd Əmindi”.

Əsirləri ziyarət edən Rəsulzadə onlardan nə problemləri olduğunu soruşub. Alıqulu baba isə onun miniatür Quranının əlindən alındığını deyib. Xatırladığına görə, beş dəqiqənin içərisində Rəsulzadə o Quranı sahibinə qaytartdırıb: “Namaz qılırdım, babam öyrətmişdi mənə. Məni götürüb apardılar. Orda gətirib mənə bir Quran verdi. Mənimlə söhbət elədi ki, hardansınız, dedik Azərbaycandan. Day qoymadılar nəsə deyək, söhbət edək, əsir vəziyyətində idik. Dedi ki, nə şikayətin var? Dedim ki, bizi Azərbaycana götür”.

Rəsulzadənin ona yenidən qaytardığı miniatür Quranı hələ də baş ucunda saxlayır. Tez-tez onu açır, öpür və dua edir.

Yaxınları deyir ki, Alıqulu babaya Quranı almaq üçün nə qədər pul təklif eləsələr də, onu heç kimə vermir. Qubadlı rayonunda xidmətdə olan nəvəsi Quliyev Ramini son bir dəfə görmək, eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin ona verdiyi Quran kitabını nəvəsinə bağışlamaq istəyir: “Bir nəvəm var, əsgərlikdədir, onu ona saxlayıram, gərək onu elə saxlayan ki, təmiz adam ola, araq içməyə, piyan olmaya”.

Laçının Kalafalıq kəndindən Alıqulu kişinin ən böyük arzusu yenidən o torpaqlara gedərək dağları görməkdir: “İstəyirəm ki, məni aparalar yarandığım torpağı görəm. Allahdan mən arzu eləmişəm ki, Allah bizim millətin hamısının üstündə dursun, biz də onun içində”.

Babanın müharibə ilə bağlı xatirələrini dinləməkdə gec qalsaq da, bizi onunla görüşə gətirən səbəb müqəddəs oldu…