Son illərdə Azərbaycanın kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, subsidiya proqramları və ixrac imkanlarının artırılması istiqamətində müsbət təşəbbüslər irəli sürülsə də, sektorun inkişafına ciddi əngəl törədən struktur problemlər və institusional çatışmazlıqlar hələ də qalmaqdadır.
AzPost bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin aprel ayında keçirdiyi mətbuat konfransında nazir Məcnun Məmmədov bildirib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan fermerlərin cəmi on iki-on beş faizi bank kreditlərindən yararlana bilir. O qeyd edib ki, bu göstərici qənaətbəxş hesab edilmir və Mərkəzi Bankla birlikdə bu sahədə yeni mexanizmlər hazırlanır.
Ekspertlərin rəyinə görə, kənd yerlərində fəaliyyət göstərən fermerlərin əksəriyyəti üçün mövcud kredit şərtləri, xüsusən də girov tələbləri, əsas əngəllərdən biridir.
Digər tərəfdən, dövlət büdcəsində kənd təsərrüfatına ayrılan vəsaitlərin azalması da sektorda narahatlıq doğurub. Rəsmi məlumata əsasən, 2024-cü il üçün sahəyə ayrılan büdcə 2023-cü illə müqayisədə 7,7 faiz azalıb və bir milyard yüz doqquz milyon doqquz yüz min manat təşkil edib. Bu isə xüsusilə kiçik və orta fermer təsərrüfatlarının vəziyyətini daha da çətinləşdirə bilər.
Statistik məlumatlar göstərir ki, bu il buğda idxalı on faiz, digər kənd təsərrüfatı məhsullarının idxalı isə iyirmidən yetmiş faizə qədər artıb. Bu isə daxili istehsalın tələbatı ödəmək gücündə olmadığını göstərir. Ekspertlər qeyd edirlər ki, məhsuldarlığın aşağı olması və texnoloji yanaşmanın zəifliyi ölkənin ərzaq bazarını idxaldan asılı vəziyyətə salır.
Bundan əlavə, 2024-cü ildə əkin sahələrinin bir hissəsi azalıb. Nazir Məcnun Məmmədov bu azalmanı statistik dəqiqləşdirmə ilə izah edib. Paralel olaraq, iqlim dəyişikliyi və su çatışmazlığı da fermerləri bəzi sahələrdə əkin aparmaqdan çəkindirib. Nazirlik bu problemləri həll etmək üçün “Milli İqlim Adaptasiya Planı” üzərində işlədiyini və su resurslarından daha səmərəli istifadə üçün yeni tədbirlərin nəzərdə tutulduğunu açıqlayıb.
Mövcud çağırışlar fonunda mütəxəssislər hesab edirlər ki, sektorun davamlı inkişafı üçün təkcə inzibati deyil, həm də texnoloji, iqtisadi və institusional səviyyədə genişmiqyaslı islahatlar həyata keçirilməlidir. Fermerlərin maliyyəyə çıxış imkanlarının artırılması, subsidiyaların gücləndirilməsi və yerli istehsalın dəstəklənməsi, həmçinin su və torpaq ehtiyatlarının səmərəli idarə olunması vacib prioritetlər kimi önə çıxır.
Azərbaycanın kənd təsərrüfatında dayanıqlı inkişaf yalnız bu sahəyə kompleks yanaşma və real islahatlarla mümkündür.
Süleyman İbrahimli