FHN Akademiyasında Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib –

FOTO
25 İyun 2021 - 17:28

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103 illiyi və 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103 illiyi və 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib.

General-mayor B. Salayev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında şanlı ordumuz 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək Ermənistan ordusunun “məğlubedilməzliyi” haqqında mifi darmadağın etdi: “Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülüb və görülür. 44 günlük Vətən Müharibəsində əldə olunan şanlı qələbə bunu bir daha sübut edir”.

Sonra Akademiyanın Hərbi kafedrasının rəisi polkovnik Aprel Babayev məruzə ilə çıxış edərək müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və formalaşdırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Çıxışdan sonra Vətən müharibəsindəki döyüşlərdə iştirak etdiyinə görə Vüqar Şahmurov, Şamxal Cavanşirov və müharibə zamanı Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə görə Eyyub Cabbarlıya Akademiya rəhbərliyinin fəxri fərmanı təqdim olunub.

Sonda “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin keçdiyi yol” adlı videoçarx nümayiş olunub.