FIFA Bekkenbauerə qarşı cinayət işinə xitam verilməsindən narazı qalıb

29 Aprel 2020 - 09:10

2006-cı ildə Almaniyadakı dünya çempionatının Sifariş Komitəsinin rəhbəri olduğu dövrdə pulların yuyulması və qeyri-qanuni varlanması ilə əlaqədar Frants Bekkenbauerə qarşı qaldırılmış cinayət işinə xitam verilib.

“Report”un “Sky Sports”a istinadən verdiyi məlumata görə, işlə bağlı İsveçrədə aparılmış məhkəmə təhqiqatı koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bildirilir ki, cəzanın maksimal müddəti 15 il ola bilərdi. Lakin artıq cinayətin mümkün törədilmə vaxtından elə bu qədər ötüb.

İsveçrə Baş Prokurorluğunun Bekkenbauerə qarşı araşdırma başlatması xəbəri 2016-cı ilin sentyabrında yayılıb. Daha əvvəl belə bir informasiya yayılıb ki, 2002-ci ildə, həmin vaxt “Adidas” şirkətinin rəhbəri olmuş Robert Lui-Dreyfus “Almaniya-2006” Sifariş Komitəsinə 10,3 milyon İsveçrə frankı köçürüb. Komitənin rəhbərləri isə Bekkenbauerlə yanaşı, Almaniya Futbol İttifaqının sabiq prezidenti Volfqanq Nirsbax olub.

Alınmış vəsaitlər Sifariş Komitəsinin ehtiyaclarına xərclənməli imiş. Amma həmin məbləğ heç bir hesabatda və vergi bəyannamələrində əksini tapmayıb. Bəzi mənbələrin bildirdiyinə görə, bu vəsait səslərin satın alınması üçün istifadə olunub.

Daha əvvəl FIFA-nın Etika Komitəsi bu işin araşdırmasına başlayıb. Nəticədə Nirsbax futbol fəaliyyətindən 1 il müddətinə kənarlaşdırılıb.

İndi isə ali futbol qurumu Bekkenbauerə qarşı açılmış işin bağlanmasından təəssüfləndiyini bildirib. FIFA işin araşdırılması prosesində illərdir iştirak etdiyini xatırladaraq, ciddi vəsait xərclədiyini vurğulayıb: “İşin heç bir nəticəsiz bağlanması faktı təkcə futbol ictimaiyyətini deyil, İsveçrə ədalət məhkəməsini də çox narahat edir. Ümidvarıq ki, 10 milyon İsveçrə frankının ödənilməsi barədə həqiqət üzə çıxacaq və hüquqazidd hərəkətlərə yol verənlər cəzalandırılacaqlar”.

FIFA bu işin özü üçün bağlanmadığını da bəyan edib: “Biz ödənişin tutarlı səbəb olmadan təşkilatın hesablarından həyata keçirilməsi faktını qəbul edə bilmərik. Etika Komitəsi araşdırmasını davam etdirəcək. FIFA futbola zərər vurulmasında məsuliyyət daşıyanların hamısının cəzalandırılacağına ümid edərək, hüquq-mühafizə orqanları ilə əməkdaşlığını davam etdirəcək”.