FIFA Fondu tarixi ərzində ilk dəfə rəsmi futbol matçı təşkil edəcək.
“Report”un qurumun rəsmi saytına istinadən məlumatına görə, oyunun təşkilində əsas məqsəd diaqnostika, terapiya və vaksinlər də daxil olmaqla, koronavirusun müalicəsində yeni vacib texnologiyaların inkişafını və istehsalını sürətləndirmək üçün qlobal əməkdaşlıq etməkdir.
Aksiya ilə bağlı fikirlərini bölüşən FIFA prezidenti Canni İnfantino bildirib ki, pandemiya ilə mübarizədə iştirak etmək və görülən işləri dəstəkləmək üçün həmrəylik nümayiş etdirmək niyyətindədirlər: “Biz bir neçə digər kampaniyalar vasitəsilə maarifləndirmə işlərində fəal iştirak etmiş və bu problemin həllinə maliyyə töhfəsi vermişik. İndi isə sağlamlıqla bağlı vəziyyət imkan verdikdə, hətta bu, bir neçə aydan sonra olsa belə, qlobal maliyyə yardımı toplama aksiyası təşkil etməyi özümüzə borc bilirik”.
FIFA Fondunun baş direktoru Yuri Corkayeff isə qeyd edib ki, bu unikal hadisə, oyunun yeri, tarixi, iştirakçıları və formatı barədə müvafiq vaxtda ətraflı məlumat veriləcək.