Finlandiyanın yeni hökuməti Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyən dövlətlərə yardım xərclərini azaldacaq.
Azpost.info bildirir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
“Finlandiyanın əsas vəzifəsi Ukraynanı dəstəkləməkdir. Ukraynalıların ölçüyəgəlməz əzabları ilə müqayisədə Finlandiyanın Rusiyanı dəstəkləyən ölkələrə yardım göstərməyə davam etməsi mənəvi cəhətdən yanlışdır” -deyə yeni ticarət və beynəlxalq inkişaf naziri Ville Tavio bildirib.
Nazir inkişaf etməkdə olan ölkələri Moskvanı dəstəkləmək əvəzinə “daxili inkişaflarına diqqət yetirməyə” çağırıb. Onun sözlərinə görə, Finlandiyadan dəstək alan, lakin beynəlxalq qaydalara və Ukraynanın dövlət suverenliyinə əsaslanan nizama hörmət etməməyə üstünlük verən dövlətlər var.
Tavio bu təcrübənin Avropa ölkələri arasında geniş yayılması üçün səy göstərəcəyini vəd edib.
Petteri Orponun rəhbərlik etdiyi sağçı Koalisiya Partiyası Finlandiyada keçirilən son parlament seçkilərində qalib gəlib. Koalisiyaya Əsl Finlər, İsveç Xalq Partiyası, Xristian Demokratlar daxildir.
Hökumət Finlandiyanın hansı ölkələrə yardımını kəsə biləcəyini və Rusiya ilə bağlı siyasətini hansı meyarlarla qiymətləndirəcəyini açıqlamayıb. “The Times” qeyd edir ki, Helsinkidən əsas dəstək alanlar Keniya, Nepal, Tanzaniya, Mozambik və Efiopiyadır. Ötən ilin payızında Finlandiya Ukrayna taxılının Somali, Efiopiya, Eritreya və Cibutiyə çatdırılması üçün 15,7 milyon avro ayırıb.
Finlandiyanın əvvəlki hökuməti Afrika ilə əlaqələri inkişaf etdirlməsinin tərəfdarı olub. 2021-ci ildə hakimiyyət bu qitə üçün xüsusi strategiyanı təsdiqləyib.
Azpost.info