Fransa, Britaniya və Almaniya liderləri çərşənbə günü ABŞ prezidenti Donald Trampla Ukraynanı müzakirə ediblər.
AzPost AFP-ə istinadən bildirir ki bu barədə Yelisey Sarayından açıqlama verilib.
Makronun sözlərinə görə, telefon danışığı 40 dəqiqə davam edib. Yelisey Sarayı bildirib ki, Britaniyanın Baş naziri Keyr Starmer və Almaniya kansleri Fridrix Merz də zəngdə iştirak ediblər.
Fransa hökumətinin sözçüsü bildirib ki, Ukraynanın müttəfiqləri cümə axşamı günü Trampın Kiyevi müharibəyə son qoymaq üçün razılığa gəlməyə məcbur etməsi ilə bağlı video konfrans keçirəcəklər.
Bu zəng Ukrayna prezidenti Vladimir Zelenskinin təhlükəsizlik təmin edildiyi təqdirdə Ukraynada yeni seçkilər keçirməyə hazır olduğunu bildirməsindən sonra edilib.
Bazar ertəsi günü Ukraynanın Avropa müttəfiqləri Zelenskiyə dəstək nümayiş etdirərək, ABŞ-ın müharibəyə son qoymaq üçün son təklifinin bəzi hissələrinə şübhə ilə yanaşıblar.