Fransada COVID-19 virus epidemiyası ilə bağlı əhaliyə göstərilən qaydalara riayət etməklə bağlı yeni səfərbərlik çağırışı edilib.
Azərtac xəbər verir ki, ölkədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb. Səhiyyə üzrə baş direktor Jerom Salomon ölkədə koronavirusa yoluxanların sayının 20 mindən çox olduğunu bildirib. Deyib ki, son 24 saat ərzində 108, ümumilikdə isə 372 ölüm halı qeydə alınıb. 4 min 761 nəfər xəstəxanalara yerləşdirilib. Reanimasiyada olanların sayı 1122-ə çatıb. PCR testi sayəsində 10 min 995 yeni yoluxmanın aşkarlandığını diqqətə çatdırıb. Hər 4 gündən bir yoluxma halının iki dəfə artdığı qeyd olunub.
Senatda ölkədə sanitar fövqəladə vəziyyət elan edilməsinə dair qanun təsdiqlənib.
Prezident Emmanuel Makron bəzi vətəndaşların COVID-19 virusuna ciddi yanaşmamasına və qaydalara riayət etməməsinə təəssüfləndiyini bildirib.
Vəziyyətlə bağlı Fransa Prezidenti yenidən Müdafiə Şurasının iclasını çağırıb. Ölkədə tətbiq olunan karantin müddətinin yenidən uzadılacağı bildirilib. Prezident bu haqda Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış böhran mərkəzindən danışaraq, ölkədə sanitar böhranın başlandığını vurğulayıb. İclasdan sonra yeni qaydalar elan ediləcək.
Milli Səhiyyə və Tibbi Tədqiqatlar İnstitutunun infeksion xəstəliklər üzrə direktoru Yazdan Yazdanpanah bildirib ki, karantin müddəti 6 həftə, hətta bəlkə daha çox olacaq.
Xarici İşlər naziri Jan-İv lö Dryan xaricdə olan 130 min fransızın ölkəyə qayıdışının təmin edilməsindən danışaraq, onların təyyarə biletlərini özləri ödəməli olacağını bildirib. Məsləhət görüb ki, xaricdə olan fransız vətəndaşları bilet alıb, tezliklə ölkəyə dönsünlər.
Xaricdə olan fransızların dəqiq siyahısının təşkili məqsədi ilə onların Ariane portalında yaradılmış səhifədə qeydiyyatdan keçmələri məsləhət görülüb.