FTX Rusiyada partlayış planlaşdıran Ukrayna vətədaşlarının saxlandığını açıqlayıb

29 Aprel 2021 - 12:13

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkədə partlayışlar və silahlı hücumlar hazırlayan Ukraynanın M.K.U radikal gənclər cəmiyyətinin 16 üzvünü saxlayıb.

Bu barədə Rusiya FTX məlumat yayıb.

Məlumata əsasən, M.K.U-nun başçısı Yeqor Krasnov Ukraynadan qruplaşmanın Rusiya ərazisindəki fəaliyyətini koordinasiya edib. Cəmiyyətə yeni üzvlər mərhələli şəkildə cəlb olunub. Üzvlərə əvvəlcə binalara ekstremist yazılar yazmaları, daha sonra evsiz insanları və ya gəncləri döymələri təklif edilib. Sonra vətəndaşlara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı hücum etmək, hakimiyyət orqanlarının binalarına od vurmaq və partlayışlar törətmək tapşırığı verilib.

FTX-dan saxlanılan şəxslərin bu məlumatları təsdiqlədikləri bildirilib. Axtarışlar zamanı soyuq silahlar, ekstremist atributlar, törədilmiş və planlaşdırılan terror və ekstremist cinayətlər barədə məlumatlar, qrup rəhbərinə göndərilən zorakı hərəkətlər barədə video hesabatlar və onunla yazışmalar aşkarlanıb.