Fuad Muradov “Ukraina-24” TV-nin canlı efirində Ermənistanın atəşkəsi pozmasından danışdı

27 Oktyabr 2020 - 19:39

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Ukraina-24” telekanalının xəbərlər proqramının canlı efirində Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin ordusunun Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi, humanitar atəşkəs haqqında razılaşmalara riayət etməməsi barədə geniş məlumat verib.

Komitədən bildiriblər ki, F.Muradov Ermənistanın bilərəkdən əldə olunan humanitar atəşkəsi pozduğunu qeyd edib.

“Ermənistan hər üç razılaşmada humanitar atəşkəsə əməl etməyərək Azərbaycan şəhərlərini raket atəşinə tutub. Son Vaşinqton razılaşmasından cəmi bir neçə dəqiqə sonra Ermənistan atəşkəs rejimini pozaraq Tərtər şəhərini raket atəşinə tutdu. İndiyə qədər Azərbaycanın 65 mülki şəxsi Ermənistanın açdığı atəş nəticəsində həlak olub. Ermənistan silahlı qüvvələri, əsasən, Azərbaycan cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini raket atəşinə tutur. Bununla da onlar üçüncü tərəfi münaqişəyə cəlb etmək, Azərbaycanın mülki əhalisinin gözünü qorxutmaq istəyirlər. Ancaq bu, mümkün deyil. Bu gün Azərbaycan əhalisi öz torpaqlarını işğalçılardan azad etmək üçün mübarizəyə qoşulub”, – deyə F.Muradov müsahibəsində bildirib.

Bu gün humanitar yardım adı ilə Ermənistana silahların, muzdluların daşındığını diqqətə çatdıran F.Muradov bununla bağlı Azərbaycanda kifayət qədər faktların olduğunu bildirib. Ermənistan döyüşlərə uşaqları, qadınları cəlb edir. Bütün bunlar dövlət səviyyəsində dəstəklənir.

Komitə sədri, həmçinin vurğulayıb ki, Ermənistan silahlı qüvvələri bütövlüklə Azərbaycan ərazisindən çıxandan sonra hər hansı müzakirələrdən danışmaq olar. Azərbaycan beynəlxalq hüquqa, onun prinsiplərinə dəqiqliklə əməl edir.