Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə start verilir.
Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədilə keçirilir.
Rüfət Əzizov bildirib ki, 48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək: “Dəstək təlimləri müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq. 2700-dən çox ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq”, – deyə Rüfət Əzizov əlavə edib.