Gənc kamança ifaçısının solo konserti olub-FOTO

Şəki Dövlət Regional Kollecində beynəlxalq və respublika müsabiqələr laureatı Abid Çələbiyevin solo konserti olub.

16 yaşlı istedadlı gənc Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdidir. O, Azərbaycanın milli aləti olan kamança sinfində Samirə Nəcəfovadan dərs alır. Bir çox festivallarda, müsabiqələrdə müvəffəqiyyətlə çıxış edir. İstedadlı musiqiçi Azərbaycanı ölkə xaricində də uğurla təmsil edir. Gözəl ifası ilə təkcə yerli dinləyiciləri deyil, əcnəbiləri də kamançanın sehrinə sala bilir.

Mart ayında isə Abid Çələbiyevin “Şərqlə qərbin ahəngi” adlı solo konserti olub. Gənc ifaçı həm Azərbaycanın, həm də Avropanın məşhur bəstəkarlarının əsərlərini, eləcə də xalq mahnılarından nümunələr səsləndirib.
Konsertdə iştirak edən qonaqlar, pedaqoqlar Abidin ifa etdiyi əsərlərin rəngarəng və seçiminin mürəkkəb olduğunu, lakin onun bunun öhdəsindən necə məharətlə gəldiyini xüsusi qeyd ediblər. Bu uğuru Samirə Nəcəfovanın yüksək pedaqoqluğunun, zəhmətinin nəticəsi kimi qiymətləndiriblər.

Qeyd edək ki, gənc musiqiçi Abid Çələbiyev 2 saylı Uşaq Musiqi Məktəbində, “Gənclərə dəstək” layihəsində, Şuşa ili çərçivəsində “Milli musiqi alətlərimiz – milli sərvətimizdir” layihəsində uğurla çıxış edib.
O, Habil Əliyev adına Gənc kamança ifaçıları müsabiqəsinin laureatı, Türkiyədə “Evde sanat var” musiqi müsabiqəsinin mükafatçısıdır.

Gənc kamança ifaçısı Londonda “Golden Time”, İsraildə “Gates of Hope”, Avstriyada “Austrian Stars”, Tatarıstanda “Cantabile e presto”, İsveçrədə “Adilia Aliyeva” və s. beynəlxalq musiqi müsabiqələrində 1-ci yeri qazanıb. Bundan başqa, Azərbaycanda keçirilən “Üç alov”, “Art Olimpia 2021”, “Payız əfsanələri – 2021” və digər musiqi müsabiqələrinin birincisi olub.

 

Azpost.info

 

Əvvəlki məqalə

TDT Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Putin və Mirziyoyev birgə bəyanat imzaladılar