Gəncənin icra başçısına terrorda ittiham olunan Yunis Səfərovun məhkəməsi keçirilib

Yanvarın 16-da Sabunçu rayon məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, bugünki prosesdə təqsirləndirilən şəxs Mahir Əzizova tərcüməçi təmin olunmadığı üçün anası Məhbubə Əzizova etiraz edib. Onun etirazına görə hakim Natiq Əliyev Əzizovanın məhkəmə zalını tərk etməsini bildirib. Zaldakı insanlar buna etirazı edib. Bu zaman Yunis Səfərov zaldakıların çıxıb getməsini istəyib. Etirazlardan sonra təqsirləndirilən şəxsin valideyni zalda qalıb.

Mahir Əziziov hakimdən bir tərcüməçinin niyə bu qədər böyük problemə səbəb olduğunu soruşub.

“Mən öz dilimizdə bilirəm. Təhsilimi rus dilində aldığım üçün hüquqi terminləri anlamıram. Bir tərcüməçinin təyin olunmasının bu qədər problem yaratdığını anlaya bilmirəm.”

Hakim Yunis Səfərovun vəkili olmaq üçün Bəxtiyar Hacıyevin müqavilə bağladığını və təqsirləndirilən şəxsin buna etirazının olub-olmadığını soruşub. Yunis Səfərov danışmağa cəhd etsə də hakim onun sözünü kəsib.

Firudin Zeynalov dövlət tərəfindən təyin olunan vəkildən imtina etsə də məhkəmə qərarı qəbul etməyib. Zeynalov hakimdən media nümayəndələrinin zalda çəkiliş etməsinə şərait yaradılmasını tələb edib.

“Bu məsələ ictimai məsələdi. Hər kəs bu məhkəmə ilə maraqlanır. Ona görə də icazə verin jurnalistlər buradan çəkiliş etsinlər.”

Təqsirləndirilən şəxs Cəfər Zalov dövlət tərəfindən təyin olunan vəkili Məmmədova Yeganədən imtina edib.

Yunis Səfərov audio və video ilə bağlı verilən vəsatət təmin olunmadığı üçün etiraz edib.

“Azərbaycanda 30 il ərzində heç kim deyə bilməz ki, kimsə məmuru öldürməyə cəhd edib. Bu iş bizim xalqımızı maraqlandıran bir məsələdir.”

Səfərov danışmağa çalışsa da hakim onun mikrafonunun bağlanmasını tələb edib.

Daha sonra Yunis Səfərovun dövlət tərəfindən təyin olunan vəkili Ağayev Elmar özü müdafiədən imtina edib.

Yunis Səfərov bildirib ki, o özünü müdafiə edə bilmir.

“Mən bu işdə mühakimə olunuram. Mən özümü müdafiə üçün iş görməliyəm. Amma 1 il 5 aydır ki, nə telefonla danışmağıma, nə də kimləsə görüşümə icazə verilmir. Mən özümün müdsafiəsini heç cür qura bilmirəm. Belə olan halda bu məhkəmə nə qədər ədalətli ola bilər? O hüquqlar mənə təmin olunmadan bu məhkəmə necə gedə bilər?” Səfərov sual edib.

Təqsirləndirilən şəxs Cəfər Zalovun vəkili İlqar Rüstəmov hakimə etiraz edib.

“Müdafiə etdiyim şəxs və digərləri dövlət tərəfindən təyin olunan vəkillərdən imtina edir, amma siz bu imtinanı təmin etmirsiniz.”

Bundan sonra vəkil Cavad Cavadov hakim Natiq Əliyevin sədrliyinə özü və digər vəkillərin etiraz etdiyini bildirib.

Məhkəmə baxışı fevralın 17-nə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan xarici borcunu restrukturizasiya edə bilər

Sonrakı məqalə

“İraqdan çıxmaq planımız yoxdur” –