“Nvidia” şirkəti bəyan edib ki, gələcək nəsil oyun videokartları şüa izləmə (ray tracing) texnologiyasını “Pascal” arxitekturasına əsaslanan videokartlarla (GTX 10 seriyası) müqayisədə 1 000 000 dəfə sürətləndirə biləcək.
Bu barədə “Wccftech” məlumat yayıb.
“GDC 2026” konfransında “Nvidia” nümayəndələri şüa izləmə üçün aparat təminatının inkişaf yol xəritəsini təqdim ediblər. Şirkət bildirir ki, son 10 il ərzində şüa izləmə performansında artıq 10 000 dəfə artım əldə olunub — “Pascal” arxitekturasından müasir “Blackwell” əsaslı həllərə qədər.
Bununla belə, istehsalçı hesab edir ki, bu göstərici real vaxt rejimində fotorealist render əldə etmək üçün hələ də kifayət deyil. Buna görə şirkət gələcək GPU nəsillərində süni intellekt sürətləndiricilərini və “RTX” texnologiyalarını daha sıx inteqrasiya etməyi planlaşdırır. Növbəti böyük addım kimi 2027–2028-ci illərdə təqdim olunacağı gözlənilən “Rubin” arxitekturası göstərilir.
Belə təkmilləşdirmələrin video oyunlarda şüa izləmə texnologiyasını kinematoqrafik qrafika keyfiyyətinə daha da yaxınlaşdıracağı, eyni zamanda yüksək oyun performansını qoruyacağı gözlənilir.
Şirkətin sözlərinə görə, gələcəyin oyun videokartları şüa izləmə və path tracing texnologiyalarında müasir GPU-larla müqayisədə milyon dəfə daha sürətli olacaq.
Son hesabatlara əsasən, “Nvidia” videokart bazarının demək olar ki, hamısını nəzarətdə saxlayır: masaüstü kompüterlər üçün satılan diskret qrafik kartların 94 faizdən çoxu məhz bu şirkət tərəfindən təmin edilir. “AMD”nin payı 5 faizə düşüb, “Intel”in satışları isə demək olar ki, sıfır səviyyəsindədir.
Yaxın illərdə videokart bazarında böyük buraxılışların gözlənilmədiyi bildirilir. Şayiələrə görə, növbəti nəsil GPU-lar 2028-ci ilə qədər gecikə bilər. Yaddaş çatışmazlığı fonunda şirkətlər müvafiq olaraq “RTX 5000” və “Radeon RX 9000” seriyalarının tədarükünə fokuslanacaq.