Venesuelanın keçmiş lideri Nikolas Maduronun ABŞ-da saxlanılma şəraiti ilə bağlı şok təfərrüatlar üzə çıxıb. Yanvarın 3-də Amerika xüsusi təyinatlıları tərəfindən ələ keçirilən Maduro hazırda ciddi məhdudiyyətlərin tətbiq olunduğu təkadamlıq kamerada saxlanılır.
AzPost İspaniyanın “ABC” qəzetinə istinadla xəbər verir ki, Maduro Bruklin istintaq təcridxanasının cəza blokuna yerləşdirilib. Məlumata görə, məhbus kamerasını həftədə cəmi üç dəfə, hər dəfə cəmi bir saat olmaqla tərk edə bilər. Hətta bu qısa müddətdə belə o, əl və ayaqları qandallanmış şəkildə, iki mühafizəçinin müşayiəti ilə hərəkət edir. Şahidlər bildirirlər ki, gecələr kameradan Maduronun ispan dilində “Məni qaçırıblar, mənə pis rəftar edirlər!” deyə qışqırığı eşidilir.
Onun həyat yoldaşı Siliya Flores ilə birlikdə etdiyi müraciət əsasında yanvarın 30-da Venesuela diplomatları ilə ilk konsul görüşü baş tutub. Xatırladaq ki, yanvarın 3-nə keçən gecə Karakasda keçirilən əməliyyat zamanı ən azı 100 nəfər həlak olmuşdu. Rəsmi Vaşinqton Maduronu narkotik ticarətində və beynəlxalq cinayətlərdə ittiham edir.