Gəncə Regional Vəkil Bürosunun yeni binasının açılış mərasimi olub

Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər.

Binanın rəsmi açılış mərasimi olub və vəkillərlə görüş keçirilib.

Tədbirdə ARVK-nın sədri Anar Bağırov Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında aparılan təmir-bərpa işləri barədə ümumi məlumat verib. Bildirib ki, bina Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası çərçivəsində Gəncə şəhərində vəkil qurumunun fəaliyyətini təmin etmək məqsədilə Kollegiyanın balansına verilib.

Qeyd olunub ki, əvvəllər Gəncə Şəhər Prokurorluğunun inzibati binası olmuş, Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi 49 ünvanında yerləşən, ümumi sahəsi 1052,58 kv.m olan, 955,85 kv.m torpaq sahəsində yerləşən inzibati bina Nazirlər Kabinetinin 9 aprel 2019-cu il tarixli qərarı ilə ARVK-nın əvəzsiz istifadəsinə verilib. Bir mərtəbəsi zirzəmi, 3 mərtəbəli inzibati binadan ibarət olan büro ARVK-nın öz maddi vəsaiti hesabına əsaslı təmir olunub, müasir tələblərə uyğunlaşdırılıb, zəruri avadanlıq və infrastrukturlarla tam təchiz edilib. İnzibati binanın bir hissəsi isə tarixi mədəniyyət abidəsidir. Həmin hissə də Mədəniyyət Nazirliyinin rəyi əsasında XIX əsrin Gəncə memarlıq üslubu qorunmaqla bərpa olunub. Gəncə Regional Vəkil Bürosunun təmir-bərpa prosesinə isə 2023-cü ilin oktyabr ayında başlanılıb və işlər mərhələli şəkildə həyata keçirilib.

45 vəkil və digər şəxslərin fəaliyyət göstərəcəyi yeni inzibati binada rəhbər otağı, 18 vəkil otağı, konfidensial görüş otağı, qəbul otaqları, texniki otaqlar, akt zalı, muzey, dəftərxana, arxiv, 2 mətbəx,yeməkxana, qarderob və sanitar qovşaqları mövcuddur. Eyni zamanda vətəndaşların və vəkillərin rahatlığını təmin etmək üçün büroda bütün lazımi şərait yaradılıb, yüksək səviyyəli texniki təchizat – UPS sistemləri, yanmayan kabellər, müasir yanğın siqnalizasiya avadanlıqları quraşdırılıb. Yeni bina vəkillərin peşəkar fəaliyyətini daha da səmərəli təşkil etmək üçün əlverişli, konfidensial, komfortlu və təhlükəsiz iş mühiti ilə təmin olunub.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquqmühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze vurğulayıb ki, vəkillik təsisatının, o cümlədən regionlarda vəkil qurumlarının inkişafı və hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi hüquqislahatlarının tərkib hissəsidir.

Daha sonra Kollegiyanın sədri Anar Bağırov çıxış edərək ARVK-nın son illərdə həyata keçirdiyi əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizdə vəkillik institutunun davamlı inkişaf etdiyini, vəkillərin sayının getdikcə artdığını və bu sahədə mühüm islahatların aparıldığını vurğulayıb.

Gəncə Regional Vəkil Bürosunun fəaliyyəti, göstəriləcək hüquqi xidmətlər və regional hüquqi yardıma əlçatanlığın artırılması istiqamətində aparılacaq işlər barədə danışan sədr ölkə üzrə əksər vəkil qurumlarının beynəlxalq standartlara cavab verdiyini və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şəraitin yaradıldığını dilə gətirib.

Eyni zamanda Anar Bağırov diqqətə çatdırıb ki, respublika ərazisindəki vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl işlər aparılır. Bu məsələyə Kollegiya tərəfindən xüsusi önəm verilir və sistemli yanaşma tətbiq olunur. ARVK-nın sədri çıxışının davamında ölkə üzrə 138 Vəkil Bürosunun fəaliyyət göstərdiyini söyləyərək bildirilib ki, bu qurumlar respublikada hüquqi xidmətlərin əlçatanlığının artırılmasınamühüm töhfə verir. Anar Bağırov əlavə edib ki, hazırda Bakı şəhərində yerləşən “Vəkil evi” kompleksində müasir tələblərə uyğun şəkildə təmir işləri aparılır. Təmir işlərinin cari ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Sədr vurğulayıb ki, demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin hüquqi dövlətin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin olunması, məhkəmə və vəkillik institutlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar bu sahədə möhkəm təməl yaradıb. Bu strateji kurs Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub.

Tədbirdə Kollegiyanın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının istifadəyə verilməsini yüksək dəyərləndirib.

Həmçinin görüş çərçivəsində ARVK-nın sədri Anar Bağırov Gəncə ŞİH-in başçısı Niyazi Bayramovu vəkilliyə verdiyi xüsusi töhfəyə görə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Mərasim çərçivəsində iştirakçılar inzibati binada ARVK-nın üzvü, “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan, dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi və atributların sərgisi ilə tanış olublar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.