General Polad Həşimov hansı şəraitdə şəhid olub? –

“Döyüş ərəfəsində…”
15 İyul 2020 - 08:02

Sabiq korpus komandiri Şair Ramaldanov Azərbaycan ordusunun generalı Polad Həşimovun hansı şəraitdə şəhid olduğuna aydınlıq gətirib.

Şair Ramaldanov qeyd edib ki, döyüş ərəfəsində cənab general da o istiqamətdə postda əsgərlərin yanına vəziyyəti öyrənmək üçün gedibmiş: “Bu zaman düşmənin artilleriya atəşinə tuş gələrək şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! O, tək deyildi, onunla bərabər birləşmədən olan bəzi yüksək rütbəli zabitlər də var idi. Müharibə, döyüş vaxtı hər şey ola bilər. Bu onu göstərir ki, Azərbaycan generalı hər an əsgərin, şəxsi heyətin yanında olaraq hətta canı bahasına öz vəzifə borcunu yerinə yetirməyə qadirdir”.(Teleqraf.com)

Onun sözlərinə görə, general Polad Həşimov Aprel döyüşlərində də ön cəbhədə əsgərlərlə bir səngərdə idi: “Bu onu göstərir ki, Azərbaycan ordusunun generalları qaynar ocaqlarda və səngərlərdə olmaqdan çəkinmirlər. Azərbaycan generalları kabinet generalları deyil. Onlar zabit vaxtlarından səngərlərdə xidmət edərək, düşmənlə üzbəüz tapşırıqları yerinə yetirməklə yüksəliblər”.