Rusiyalı jurnalist Kseniya Sobçak “Teleqram” kanalında birləşmiş qoşunlar qrupunun keçmiş komandiri Sergey Surovikinin son aylarda ictimaiyyət arasında olan ilk fotosunu dərc edib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, fotoda general Moskvada həyat yoldaşı ilə küçədə gəzir.
“General Sergey Surovikin sağ-salamatdır, evdə, ailəsi ilə, Moskvadadır”, – Sobçak yazıb.
İki aya yaxındır ki, Surovikinin harada olması barədə rəsmi məlumat yox idi. O, “Vaqner”in qiyam cəhdindən dərhal sonra ictimai məkandan itmişdi. Daha sonra onun vəzifədən azad edildiyi açıqlandı.
“The New York Times” qəzetinin yazdığına görə, general “Vaqner”in qiyamından xəbərdar olub və hətta qiyamçılara kömək edib. Nəşrin məlumatına görə, bəzi komandirlər Müdafiə Nazirliyinin rəhbərliyini dəyişdirmək üçün qiyam planının bir hissəsi olmağa razılaşıblar.
Azpost.info