İnvestisiya bankı “Goldman Sachs” ilin sonuna qədər xam neftin qiymətinin bir barel üçün 66 dollar olacağı ilə bağlı proqnozunu dəyişməyib.
Bu barədə bankın analitik qeydinə istinadən “Financial Times” məlumat yayıb. Proqnoz Hörmüz boğazında gəmiçiliklə bağlı “uzunmüddətli pozuntular ssenarilərinə dair əhəmiyyətli risklərə” baxmayaraq saxlanılıb.
Bankın 66 dollar/barel proqnozu yaxın 28 gün ərzində Hörmüz boğazında vəziyyətin tədricən normallaşacağı ehtimalına əsaslanır.
Bununla yanaşı, analitiklər müxtəlif inkişaf ssenarilərini də qiymətləndiriblər. Onların hesablamalarına görə, Fars körfəzindən neft ixracı gündə 15 milyon barel azalarsa və bu vəziyyət 30 gün davam edərsə, ilin sonuna Brent markalı neftin qiyməti 76 dollar/barel səviyyəsinə çata bilər.
Əgər Hörmüz boğazından tanker keçidi ilə bağlı problemlər 60 gün davam edərsə, ilin sonunda Brent markalı neftin qiyməti 93 dollar/barel səviyyəsinə qədər yüksələ bilər.