Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində səhər konfransı unudulmaz bir hadisə ilə yadda qaldı. Tibb elminin fədakar xidmətçisi, Azərbaycanın görkəmli cərrahı, tibb elmləri doktoru, professor Əliniyaz Məmmədovun 70 illik yubileyi münasibətilə mərkəzdə tədbir keçirildi.
Tədbirdə çıxış edən ECM-in direktoru, professor Rauf Ağayev yubilyarın elmi və praktiki fəaliyyətinin önəmini xüsusi vurğuladı. O qeyd etdi ki, professor Əliniyaz Məmmədov təkcə istedadlı cərrah deyil, eyni zamanda tibb elminə yeni nəfəs gətirən alim, peşəkar müəllim və gənc həkimlərin yolgöstərəni kimi böyük nüfuz qazanıb. Uzun illər ölkəmizdə göstərdiyi uğurlu fəaliyyət, həyata keçirdiyi yenilikçi əməliyyatlar və müəllifi olduğu çoxsaylı elmi işlər onun Azərbaycan cərrahiyyə məktəbinin inkişafında oynadığı rolu aydın şəkildə ortaya qoyur.
Qaraciyər, öd kisəsi və mədəaltı vəzin cərrahiyyəsi üzrə rəhbərlik etdiyi şöbə bu gün ölkədə biliar cərrahiyyə sahəsində ixtisaslaşmış aparıcı tibb mərkəzi kimi tanınır. Gənc nəslin formalaşmasında, tibb təhsilinin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında professor Məmmədovun fəaliyyəti danılmazdır.
Yubiley mərasiminin sonunda professor Rauf Ağayev Elmi Cərrahiyyə Mərkəzinin Fəxri Fərmanını professor Əliniyaz Məmmədova təqdim edərək, onun çoxillik fədakar əməyinin, elmi nailiyyətlərinin və insan sağlamlığına verdiyi misilsiz töhfələrin yüksək qiymətləndirildiyini bildirdi. Professor Rauf Ağayev yubilyara səmimi təbriklərini çatdıraraq ona möhkəm can sağlığı, tükənməz enerji və yeni elmi zirvələr arzuladı. Əminliklə vurğulandı ki, professor Əliniyaz Məmmədov bundan sonra da Elmi Cərrahiyyə Mərkəzində yüksək peşəkarlıqla, insanlara sevgi və elmə sədaqətlə xidmətini davam etdirəcək, gələcək nəsillər üçün bir örnək olaraq qalacaq.
Yubilyar, professor Əliniyaz Məmmədov ona göstərilən yüksək diqqət və ehtirama görə təşəkkürünü ifadə edərək bildirdi ki, bu etimad onun üzərinə daha böyük məsuliyyət qoyur. O vurğuladı ki, Elmi Cərrahiyyə Mərkəzində qazandığı təcrübə, elmi axtarışlar və illər ərzində formalaşmış kollektiv ruhu onun fəaliyyətinin ayrılmaz hissəsidir. Professor böyük qürur və məsuliyyət hissi ilə bəyan etdi ki, bundan sonra da bütün bilik və bacarığını Azərbaycan tibb elminə və cərrahiyyəsinin inkişafına həsr edəcək, başladığı yola eyni fədakarlıq və əzmlə davam edəcək.