Göygöldən Maralgöl istiqamətində marşrutlar yenidən fəaliyyətə başlayacaq

Öz füsunkarlığı, gözəlliyi ilə nəinki yerli, hətta xarici turistlərin diqqətini cəlb edən Göygöl Milli Parkı Azərbaycanda ekoturizmin inkişafında xüsusi rol oynayır. Göygöl Milli Parkı zəngin bitki örtüyünə malikdir. Milli parkın ərazisinin ümumi coğrafi mövqeyi burada heyvanlar aləminin də xeyli zənginliyinə şərait yaradıb. Rəngarəng təbiət gözəlliyi ilə seçilən milli park xüsusilə də yay mövsümündə minlərlə insanı özünə cəlb edir. Təsadüfi deyil ki, hər il milli parklara turist axını siyahısında həmin xüsusi mühafizə olunan təbiət ərazisi ilk pillədə qərarlaşır. Ötən il Göygöl Milli Parkını ziyarət edənlərin sayı 250 mini ötüb.

Milli parkın direktoru Fuad Quliyev Beynəlxalq Biomüxtəliflik Günündə verdiyi müsahibəsində həmin xüsusi mühafizə olunan təbiət ərazisində yay mövsümünə hazırlıq işləri getdiyini deyib. Bildirilib ki, həmin məqsədlə ərazidə 50-dən çox məlumatverici, istiqamətverici lövhələr quraşdırılıb. Yaxın günlərdə Göygöldən Maralgöl istiqamətində marşrutlar yenidən fəaliyyətə başlayacaq.

“Hazırda Göygöl milli parkında 10 istiqamətdə ekoturizm marşrutları fəaliyyət göstərir. Həmin marşrutlarla milli parkın digər yerlərində olan gözəllikləri gedib görmək mümkündür. Ekoturizm marşrutları boyunca turistləri bələdçilər müşayiət edirlər. Ərazidə təmizliyə son dərəcə diqqət yetirilir. Milli parkın içərisində insanların zövqünü oxşamaq məqsədilə ağaclar üzərində quş yuvaları yerləşdirilib. Hər kəsi milli parkın gözəlliklərini gəlib görməyə dəvət edirəm”, – deyə F.Quliyev bildirib.

Direktor növbəti mövsümlərdə milli parkda yeniliklərin olacağını da diqqətə çatdırıb.

Əvvəlki məqalə

“Belqorodda baş verənləri maraqla izləyirik”

Sonrakı məqalə

“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb