“Dünyada koronavirus peyvəndlərinin dünya ölkələri arasında bərabər bölünməsinin təmin edilməsi pandemiya ilə mübarizəni asanlaşdıracaqdı”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus açıqlamasında bildirib.
ÜST rəhbərinə görə, peyvənd böhranı qlobal pandemiya ilə mübarizədə təməl zəifliyi göstərir. O, həmçinin böyük maliyyə və geopolitik gücə malik olan dövlətləri də qınayıb: “Bu dövlətlər qlobal peyvənd tədarükü üzərində nəzarət qurublar, dünyanın əksər yoxsulları unudulur. Yüksək gəlirli ölkələr əhalisinin böyük hissəsini peyvənd edə bildilər, səhiyyə və sosial sektorda tədbirləri yumşaltmağa başladılar. Eyni zamanda, az gəlirli dövlətlərdə, ən həssas və risk altında olan əhali üçün hələ də yetərincə peyvəndi yoxdur. Nəticədə bərabərsizlikdən qaynaqlanan iki yollu bir pandemiya görürük”.
Qebreyesus dünya ictimaiyyətini “tədarük boşluğunu” aradan qaldırmaq üçün peyvəndi olmayan ölkələrlə “dərhal paylaşmağa” çağırıb: “Sentyabr ayına qədər əlavə 250 milyon dozaya ehtiyacımız var. 100 milyon dozanın iyun-iyul aylarında verilməlidir”.
O, əlavə edib ki, COVAX mexanizmi çərçivəsində, 2021-ci ilin sonuna qədər 2 milyard doza koronavirus peyvəndi istehsal edilərək dünyaya bərabər paylanmalıdır.