Göyçayda güclü külək fəsadlar törədib, mövsümü meyvə olan “Göycə” alçasından ibarət bağlara böyük ziyan vurub.
APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün güclü küləyin təsiri nəticəsində Göyçayın Məlikkənd kəndində təxminən 100 hektar alça bağına ziyan dəyib, ağaclar aşıb, yetişmiş meyvələr tökülüb, əzilərək tələf olub. Kənd sakinləri İlqar Həsənov, Baxış Mirzəyev, İlham Məmmədov, Pünhan Həsənov, Elbrus Niftəliyev, Solmaz Həsənovaya təxminən 100 min manatdan çox maddi ziyan dəyib.
Kənd sakinləri APA-nın yerli bürosuna bildirib ki, hər il may ayında alçanı Bakı, Sumqayıt, Gəncə və Rusiya bazarlarına apararaq qazanc əldə ediblər. Lakin hazırda karantin rejimi olduğundan, 15 gündən çoxdur ki, yetişən meyvələri satmaq üçün müştəri tapa bilmirlər, məhsulu Bakıya və digər böyük şəhərlərə, Rusiyaya göndərə bilmirlər. Rayonda 300 hektardan çox alça bağı olduğundan, hazırda Göyçay bazarında məhsul bolluğu və ucuzluq yaranıb. Məlikkənd kəndində 100 hektardan çox alça bağında məhsulun tələf olması nəticəsində vətəndaşlara təxminən 500 min manatdan çox maddi ziyan dəyib.