Kosmik tədqiqatçılar iyunun 1-nə ciddi xəbərdarlıq ediblər. AzPost xəbər verir ki, Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu və Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri həmin gün maqnit qasırğasının təhlükəli həddə çatacağını bildiriblər.
Onların sözlərinə görə, artıq G4 səviyyəsinə yüksələn qasırğa iyunun 1-də ən yüksək — G5 kateqoriyasına qədər güclənə bilər. Bu səviyyə isə son dərəcə güclü hesab olunur və bir çox insanın sağlamlığında təsirlər yarada bilər.
Qeyd edək ki, maqnit qasırğalarının təsir dərəcəsi beş pillə ilə ölçülür. G1 zəif, G2 orta, G3 güclü, G4 çox güclü, G5 isə təhlükəli hesab olunur.
Alimlər bildiriblər ki, bu dəfə baş verəcək hadisənin təbiəti hələ də tam aydın deyil. Fərziyyələrdən birinə görə, Yerə böyük sürətlə hərəkət edən və içi boş olan burulmuş maqnit sahəsi yaxınlaşır.
Həkimlər isə belə günlərdə xüsusilə ürək və damar xəstəliklərindən əziyyət çəkənlərin ehtiyatlı olmasını məsləhət görür. Stressdən uzaq durmaq, ağır və yağlı yeməklərdən imtina etmək tövsiyə olunur. Xüsusən də qızardılmış, unlu və yağlı qidalar maqnit qasırğası günlərində sağlamlığa mənfi təsir göstərə bilər.
Qasırğa günü baş ağrısı, ürək bulanması, yuxusuzluq və təzyiq problemi yaşayanların sayı artır. Ona görə də, iyunun 1-də havanı və vəziyyəti diqqətlə izləmək, gərəksiz fiziki və emosional gərginlikdən qaçmaq vacib sayılır.