Finlandiyanın Turku Universitetinin alimləri müəyyən ediblər ki, gün ərzində oturaq vəziyyətdə keçən vaxtın azaldılması maddələr mübadiləsini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır. Scandinavian Journal of Medicine & Science in Sports jurnalında dərc olunan tədqiqatda bildirilir ki, gündə cəmi yarım saat az oturmaq belə orqanizmin yağ və karbohidratları enerji mənbəyi kimi daha effektiv istifadə etməsinə kömək edir.
AzPost xəbər verir ki, alimlər bu təsiri “metabolik elastiklik” adlandırır – bu, bədənin müxtəlif enerji mənbələrinə uyğunlaşmaq qabiliyyətidir. Yəni insan hərəkətdə olduqda orqanizm daha tez yağları yandırmağa, sakit vəziyyətdə isə karbohidratlardan istifadə etməyə başlayır.
Tədqiqat 64 nəfər üzərində aparılıb. Onların əksəriyyəti ürək-damar xəstəlikləri və ya ikinci tip şəkərli diabet riski daşıyan, oturaq həyat tərzi keçirən şəxslər olub. Altı ay ərzində iştirakçılara hər gün az da olsa aktivlik artırmaq tapşırılıb: qısa gəzintilər, iş zamanı ayaqüstə işləmək və yüngül fiziki hərəkətlər.
Nəticələr göstərib ki, gündə cəmi 30 dəqiqə az oturan şəxslərdə maddələr mübadiləsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Onların orqanizmi yüngül fiziki fəaliyyət zamanı (məsələn, pilləkənlə qalxmaq və ya yerimək) yağları daha səmərəli parçalamağa başlayıb. Bu effekt xüsusilə artıq çəkisi olan insanlarda daha güclü müşahidə olunub.
Mütəxəssislər vurğulayırlar ki, müsbət dəyişikliklər üçün intensiv idman və ya ciddi pəhriz tələb olunmur. Gündəlik rejimə sadəcə kiçik dəyişikliklər – məsələn, telefon danışığını ayaqüstə etmək, yeməkdən sonra 10 dəqiqəlik gəzinti və ya oturaq iş zamanı fasilələrlə qalxmaq – kifayət edir.