Gürcüstanın Baş Prokurorluğu prezident Salome Zurabişvilini oktyabrın 31-də keçmiş parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı ifadələrinə görə dindirməyə çağırıb.
Bu barədə istintaq orqanının açıqlamasında bildirilir.
“Mərkəzi Seçki Komissiyasının və KİV-in yaydığı məlumata görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutları olmalıdır və bu səbəbdən Gürcüstan prezidenti oktyabrın 31-də istintaq orqanına dindirilmək üçün dəvət edilib” – məlumatda deyilir.
Oktyabrın 29-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasının mümkünlüyünü araşdırmaq xahişi ilə Baş Prokurorluğa müraciət edib.
Müxalifət liderləri Gürcüstan prezidenti Salome Zurabişviliyə seçki saxtakarlığı bəyanatı ilə bağlı izahat vermək üçün prokurorluğa getməməyi tövsiyə ediblər.
“Biz müxalifət olaraq Gürcüstan prokurorluğuna müraciət etmək fikrində deyilik, çünki ona etibar etmirik. Düşünürəm ki, prezident də prokurorluğa getməyəcək, amma onun mənim məsləhətimə ehtiyacı yoxdur”, – müxalifət liderlərindən biri Zurab Caparidze çərşənbə günü jurnalistlərə bildirib.
Hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze Zurabişviliyə oktyabrın 31-də parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı bəyanatına aydınlıq gətirmək üçün onu çağıran prokurorluqla əməkdaşlıq etməyi tövsiyə edib.