Gürcüstanda avtomobillərin hərəkətinə qoyulan qadağa götürülüb

- Aqrar bazarlar açılıb
27 Aprel 2020 - 14:50

Bu gündən Gürcüstanda avtomobillərin hərəkətinə gətirilən məhdudiyyət götürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib. Onun sözlərinə görə, sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda  məhdudiyyət qüvvədə saxlanılacaq. İ. Çikovani qeyd edib ki, artıq ölkədə iqtisadi fəaliyyət bərpa edilir, taksilərin və aqrar bazarların fəaliyyətinə qoyulan qadağa götürülür, onlayn formada topdan və pərakəndə satışa icazə verilir. Hər gün saat 21:00-06:00 arası tətbiq edilən komendant saatı isə  qüvvədə qalır.

Baş nazirin mətbuat katibi vurğulayıb ki, qeyd edilən məhdudiyyətlərin götürülməsi Gürcüstanın koronavirus üzərində qələbə qazanması demək deyil və vətəndaşlar mümkün qədər ayıq-sayıq davranmalıdırlar. “Epidemioloji vəziyyət pisləşdiyi təqdirdə məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi istisna deyil”, -deyə İ. Çikovani bildirib.

Qeyd edək ki,  Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb. Martın 21-də ölkədə fövqəladə vəziyyət, martın 31-də isə ümumi karantin elan edilib.