Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı– Azərbaycanla əlaqə kəsilib

Gürcüstan Elektrik Enerjisi Tənzimləmə Komissiyası (GEC) iyulun 24-də ölkədə baş vermiş genişmiqyaslı elektrik enerjisi kəsintisinin səbəbləri ilə bağlı apardığı araşdırmanın ilkin nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, araşdırma qrupunun nümayəndəsi Tornike Apriaşvili Su Təchizatı və Elektrik Tənzimləmə Şirkətinin iclasında bildirib ki, qəza zamanı Gürcüstanın enerji sistemi Azərbaycanın enerji sistemindən ayrılıb və nəticədə ölkə təcrid olunmuş rejimdə fəaliyyət göstərməyə məcbur olub.

Onun sözlərinə görə, bu keçiddən dərhal sonra enerji sistemində tezlik və gərginlik sürətlə aşağı düşüb. Nəticədə elektrik stansiyalarında və istehlakçılar arasında ardıcıl kəsintilər baş verib və ölkənin enerji sistemi tamamilə dayanıb.

Gürcüstan Milli Enerji Komissiyasının məlumatına əsasən, iyulun 24-də saat 00:10:49-da 330 kV-luq elektrik ötürücü xətləri vasitəsilə Azərbaycanın enerji sistemi ilə paralel işləyən Gürcüstan enerji sistemi qəfil ayrılıb. Təcrid olunmuş rejimə keçid enerji sisteminin sabitliyini pozaraq ümumi çökməyə səbəb olub.

İlkin araşdırmaya görə, qəzanın ehtimal olunan səbəblərindən biri “Energo-Pro Georgia” şirkətinə məxsus “Kutaisi 220” yarımstansiyasından qidalanan 110 kV-luq “Gequti” elektrik ötürücü xətti ilə bağlı olub.

Araşdırma qrupu hesab edir ki, Gürcüstan Dövlət Elektrik Sistemi ötürücü xətlərdə tam funksional sürətli rele mühafizəsi sistemi quraşdırılmadan əvvəl mövcud rele mühafizəsi və avtomatlaşdırma sistemlərini yenidən hesablamalı idi. Bu addım Azərbaycan enerji sistemi ilə avtomatik ayrılma riskini azaltmağa və enerji sisteminin dayanıqlığını artırmağa kömək edə bilərdi.

Tornike Apriaşvili bildirib ki, araşdırmalar iki əsas istiqamətdə davam etdiriləcək: Azərbaycan enerji sistemi ilə əlaqənin niyə kəsildiyi və Gürcüstan enerji sisteminin təcrid olunmuş rejimdə niyə sabit işləyə bilmədiyi araşdırılacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.