Gürcüstanın DİN başçısı və DTX-nın rəisi Dmanisiyə gəlib:

"Məsələnin etnik olduğunu deyənlər ölkəmizin düşmənidirlər"
17 May 2021 - 15:31

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisiyə gedib.

Dmanisidə jurnalistlərə açıqlama verən nazir qanun pozuntusuna yol verən hər kəsin sərt şəkildə cəzalandırılacağını deyib.

“Ötən gün baş verənlər olduqca təəssüf doğurur. Biz dünən araşdırmalara başladıq. Kimliyindən asılı olmayaraq qanunu pozanlar ən sərt şəkildə cəzalandırılacaqlar. Azərbaycanlılar və gürcülər bizim vətəndaşlarımızdır. Onlar əsrlərdir birgə yaşayıblar, onlar bizim qardaşlarımızdırlar. Bu məsələ etnik münaqişə kimi qəbul edilməməlidir. Etnik azərbaycanlılar hər şeydən əvvəl bizim vətəndaşlarımızdırlar. Azərbaycan bizim strateji tərəfdaşımız, müttəfiqimiz, qonşumuz və dostumuzdur. Biz buna imkan verməməliyik. Məsələnin etnik olduğunu deyənlər ölkəmizin düşmənidirlər və vəziyyəti gərginləşdirmək istəyirlər”, – deyə daxili işlər naziri vurğulayıb.

Gürcüstan DTX-nın rəisi isə qeyd edibki, Dmanisidə baş verən insident məişət zəminindədir və etnik qarşıdurma kimi qəbul edilməməlidir: “Aidiyyəti şəxslər münaqişə tərəfləri ilə işləyirlər. İnsidentlə əlaqədar saxlanılanlar var və araşdırmalar davam etdirilir”.

Q. Liluaşvili tərəfləri qanun çərçivəsində davranmağa çağırıb. (APA)

Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.