2006-cı ildən dövlət tərəfindən başladılan ipoteka kreditləşməsi mexanizmi uğurla davam etdirilir. Qeyd olunan müddət ərzində ölkə vətəndaşları real bazar faizi dərəcəsindən aşağı, yəni 8 faiz və güzəştli 4 faiz ilə kredit alaraq məişət şəraitinin yaxşılaşdırılmasına nail olublar. Ölkə üzrə 37 min ipoteka kreditinin maliyyələşdirilməsi məqsədilə 2 milyard manatdan çox vəsait istifadə olunub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ekspert Cəfər İbrahimli bildirib.
Ekspert qeyd edib ki, cari ilədək ipoteka krediti alan vətəndaşların fəaliyyət sahəsi üzrə bölgüsünə baxdıqda da görürük ki, bu siyahıda media sahəsində çalışan insanların sayı digər iş sektorlarda çalışanlarla müqayisədə çox azdır. “Uzun müddət media sektorunda rentabelliyin aşağı olması, qeyri-rəsmi çalışma mühiti, əməkdaşların əməkhaqqı və digər gəlirlərinin məhdud olması nəticəsində ipoteka kreditinin əlçatanlığı da məhdud olmuşdur. Maliyyələşdirilən kreditlərin 12 min 500-ü, yəni 34 faizi əhalinin həssas qruplarına daxil olan insanlara ayrılan güzəştli ipoteka kreditləri hesabına təmin edilib. Güzəştli kreditlərdən istifadə etmək hüququna sahib olan hərbi qulluqçular, dövlət qulluqçuları, elmi dərəcəsi olan şəxslər, müəllimlər, məcburi köçkün və şəhid ailələrinin siyahısına media sahəsində fəaliyyət göstərən şəxslər də əlavə olunub”.
Ekspert xatırladıb ki, dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən şəxslər güzəştli ipoteka krediti ala biləcəklər: “Bununla da media sektorunda çalışan şəxslər ölkədə mövcud olan ən ideal ipoteka maliyyələşmə mexanizminin şərtlərindən yararlanacaqlar. Belə ki, onlar 4 faizlə, 30 il müddətinə və ən az aylıq ödənişlə mənzil əldə etmək imkanına sahib olacaqlar. Bunun da öz növbəsində media sektorunda əmək münasibətlərinin şəffaflaşmasına və rəsmiləşdirilməsinə dəstək olacağı gözlənilir”.