2024-cü ildən vətəndaşlar maaş və pensiyalarını istənilən bankdan ala biləcəklər.
Azpost.info bildirir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov ölkənin aparıcı iqtisadçıları ilə bu gün keçirdiyi görüşündə bildirib.
Görüşdə iştirak edən iqtisadçı Natiq Cəfərli bildirib ki, Mərkəzi Bankın rəhbər şəxsləri əvvəl “Gəlirlilik əyrisi” və “İnflyasiya gözləntisi və metodologiyası” mövzularında iki maraqlı təqdimat edib.
“Ən çox müzakirə olunan bank kredit faizlərinin yüksək olması, regionlarda verilən kreditlərin azlığı, aqrar sektora kredit verilməməsi, qiymət artımı, inflyasiya, ölkədə 3-4 bankın dominantlığı və s. məsələlər oldu”-deyə N.Cəfərli vurğulayıb.
Onun sözlərinə görə, Mərkəzi Bank həmçinin uçot dərəcəsini endirməyi planlaşdırır.
“Mərkəzi Bank ictimai müzakirələrə açıq olduğunu göstərdi, maraqlı müzakirə oldu. Taleh müəllim bütün suallara açıq cavab verməyə çalışdı”-deyə ekspert bildirib.
Azpost.info