Moskvada həkimlər təhlükəli vəziyyətə düşən azyaşlını əməliyyat edərək həyatını xilas ediblər.
AzPost xəbər verir ki, söhbət üç gün əvvəl təsadüfən 5 maqnit kürəcik udmuş qız uşağından gedir.
Moskva Səhiyyə Departamentindən verilən məlumata görə, uşaq Speranski adına xəstəxanəyə qarın ağrısı, qusma və ishal şikayətləri ilə gətirilib. Rentgen müayinəsi zamanı qızın həqiqətən də maqnit kürəcikləri udduğu aşkarlanıb.
Mütəxəssislərin bildirdiyinə görə, kürəciklər nazik bağırsağın müxtəlif hissələrinə düşərək bir-birini cəzb edib, nəticədə orqan divarında “deşiklər” yaranıb.
Cərrahlar təcili əməliyyat zamanı bağırsaq ilgəklərini ayıraraq kürəcikləri çıxarıblar və zədələnmiş hissələri tikiblər.
Hazırda azyaşlı evə buraxılıb və özünü yaxşı hiss edir. Həkimlər valideynləri uşaqlar üçün nəzərdə tutulmayan kiçik maqnit oyuncaqların təhlükəsi barədə xəbərdar edirlər.