Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş «Əfvetmə haqqında Əsasnamə»yə əsasən əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.
Əfvetmə barədə müraciət:
İslah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra,
Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra,
Ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra,
Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra,
Məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra verilə bilər.
Əfvetmə barədə məsələni, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə qaldıra bilər.
Cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.