“Hakimiyyət vahid polis strukturu yaratmaq niyyətindədir” –

Yol Polisi niyə sərəncama götürülüb? (EKSPERT)
14 Yanvar 2020 - 10:05

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinin sərəncama götürülməsi ilə bağlı DİN rəhbəri Vilayət Eyvazovun bugünkü qərarını idarənin mətbuat xidməti açıqlamır.  Görünür, nazirin əmri bu xidmətə də şamil edilib.

Keçmiş MTN polkovnik-leytenantı Akif Həsənov bu qərarı Turan-a şərh edərkən deyib ki, hərbi və hüquq-mühafizə orqanlarında “sərəncama götürmək” termini işçinin yeni təyinatına qədər əməkhaqqının saxlanması deməkdir.

O ehtimal edir ki,  hakimiyyət vahid polis strukturu yaratmaq niyyətindədir ki, bu strukturda patrul eyni vaxtda post-patrul xidməti və yol polisi funksiyalarını yerinə yetirəcək. “Gürcüstan, Ermənistan və digər ölkələrdə polislər belə işləyir. DİN orqanlarında da islahatlar  gedir və bunun nəticəsində yol polisi öz ayrı qurum statusunu itirəcək”, – Akif Həsənov ehtimal edir.