Halal İnvestisiya nədir?

Müasir dünyada investisiya anlayışı sürətli qazanc, yüksək risk və bəzən etik prinsiplərin arxa plana atılması ilə assosiasiya olunur. Lakin İslam maliyyə sistemi fərqli yanaşma təklif edir: qazanc yalnız maddi deyil, mənəvi məsuliyyət daşımalıdır. Bu baxımdan halal investisiya, həm fərdin vicdanını, həm də cəmiyyətin rifahını qoruyan alternativ maliyyə modelidir.

Halal İnvestisiya – İslam dininin prinsiplərinə, yəni Şəriət qanunlarına uyğun olan investisiya fəaliyyətidir. Burada Şəriət qanunları dedikdə, İslam hüququ nəzərdə tutulur. “Halal” sözü ərəb dilində “icazə verilən” və ya “qanuni” mənasını verir. Bu, sadəcə maliyyə qazancı əldə etmək deyil, həm də investisiyanın etik, ədalətli və sosial cəhətdən məsuliyyətli olmasını təmin edir. Məqsəd yalnız daha çox qazanmaq yox, necə qazandığını da əsaslandırmaqdır. İnsanlar bunu bəzən çətin hesab edir, çünki sürətli gəlir və məsuliyyətsiz risk insanlara daha cazibədar gəlir. Halal investisiya isə maliyyə alətləri və biznes layihələrinə İslam qaydalarına uyğun şəkildə sərmayə yatırmaq prosesidir.

Halal İnvestisiyanın mahiyyəti bir neçə əsas prinsiplərə əsaslanır:

1. Faizin (riba) qadağan olunması. Faiz almaq və ya vermək qəti qadağandır. Buna görə klassik bank faizləri, istiqrazların böyük hissəsi bu çərçivədən kənarda qalır.

2. Qadağan olunmuş fəaliyyət sahələri. Alkoqol, qumar, tütün, donuz əti, silah istehsalı və qeyri-etik əyləncə sahələrinə investisiya etmək olmaz.

3. Ədalət və şəffaflıq. İslamda hər iki tərəfin qazanc və zərər ehtimalı ədalətli bölünməlidir. Məsələn, Mudaraba və Muşaraka kimi ortaq maliyyələşmə modelləri buna nümunədir:

– Mudaraba – Biri kapital verən (rabb-ul-mal), digəri isə onu işlədən (mudarib) olmaqla iki tərəf arasında qurulan halal investisiya modelidir. Qazanc əvvəlcədən razılaşdırılmış nisbətdə bölünür, zərər isə yalnız sərmayəçi tərəfindən qarşılanır. Bu model faizsiz, etik və şəriətə uyğun iqtisadi əməkdaşlığı təmin edir.

– Muşaraka – Iki və ya daha çox tərəfin həm kapital, həm də əmək qoyaraq ortaq biznes qurduğu halal investisiya modelidir. Qazanc razılaşdırılmış şəkildə bölünür, zərər isə sərmayə nisbətində paylaşılır. Bu model İslamda şərikli sahibkarlığın əsas formalarındandır.

Müasir dövrdə halal investisiyanın geniş yayılmasına mane olan faktorlar:

1. Maarifləndirmə və halal maliyyə alətlərinin məhdudluğu – Bir çox insan halal investisiyanın yalnız “faizsiz bankçılıq”dan ibarət olduğunu düşünür. Mudaraba, Muşaraka kimi modellər geniş kütlə üçün yetərincə tanınmır. Bəzi ölkələrdə şəriətə uyğun investisiya məhsullarının sayı azdır. Bu da investorların seçim imkanlarını daraldır.

2. Sürətli qazanc düşüncəsi – Halal investisiya uzunmüddətli və stabil gəliri hədəfləyir. Halbuki müasir bazarlarda insanlar tez və yüksək qazanc axtarışındadır ki, bu da spekulyativ və qeyri-etik alətləri daha cəlbedici edir.

3. Hüquqi və institusional çətinliklər – Bir çox ölkənin qanunvericiliyi İslam maliyyə modellərini ayrıca tanımır. Bu da müqavilələrin hüquqi baxımdan tətbiqini çətinləşdirir.

Halal investisiya qadağalar toplusu deyil, etik, risk paylaşımına əsaslanan və real iqtisadiyyata bağlı investisiya fəlsəfəsidir. Nəticə etibarilə, halal investisiya yalnız dini qaydalara uyğunluq deyil, uzunmüddətli, davamlı və ədalətli iqtisadi sistem qurmaq cəhdidir. Bu yanaşma investorları məsuliyyətli qərarlar verməyə, real dəyər yaradan sahələrə yönəlməyə və riskləri ədalətli şəkildə bölüşməyə təşviq edir. Halal investisiya seçimi edən insan yalnız qazanc əldə etmir, eyni zamanda cəmiyyətə fayda verən iqtisadi münasibətlərin formalaşmasına töhfə vermiş olur. Halal investisiyanın geniş yayılması yalnız dini motivasiya ilə deyil, düzgün maarifləndirmə, güclü institusional dəstək və şəffaf maliyyə mexanizmləri ilə mümkündür.

 

Elnur Quliyev

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.